Aktuari karyerası düşünənlərin etməməli olduğu 5 səhv
Karyerasına aktuari olaraq davam etmək istəyən şəxslərin sıxlıqla etdiyi və karyeralarını aylarla, hətta illərlə ləngidə biləcək bir sıra səhvlər mövcuddur. Xoşbəxtlikdən, bu səhvlərin hər biri düzəldilə bilər. Bu yazıda siz hansı səhvləri etdiyinizi, gələcəkdə onlardan necə yayına biləcəyinizi və aktuar səyahətinizi sürətləndirmək üçün nə etməli olduğunuzu öyrənəcəksiniz.
Təcrübəni düzgün qiymətləndirməmək
Bütün kursları keçdiyiniz və aktuar imtahanlarınızı verdiyiniz müddətcə müvafiq təcrübənizin olub-olmamasının heç bir əhəmiyyəti olmadığını düşünə bilərsiniz. Lakin, imtahan vermək və real həyatda işləmək çox fərqli şeylərdir və bu keçidi həyata keçirmək xeyli vaxt və enerji tələb edə bilər. Bu səbəbdən, şirkətlər real təcrübəyə malik olmayan birini işə götürməkdə tərəddüd edirlər, çünki onların daha çox təlimə ehtiyacları var.
Bəs təcrübəni necə qazanmaq olar? Çoxları təcrübə qazanmağın yeganə yolunun aktuari təcrübələri olduğuna inanır, lakin bu, yeganə seçiminiz deyil. İlk öncə daha fərqli işlərdə işləyərək, aktuari işəgötürənlərin dəyər verdiyi bacarıq və təcrübələr əldə edə bilərsiniz. Nisbətən daha asan hesab edilən və daha az rəqabətin olduğu bu sahələrdə qazandığınız təcrübə sizə aktuari kimi başlayacağınız karyera üçün yaxşı bünövrə yaradacaq.
Sadəcə Excel kursunu bitirmək
Excel biliklərinin nə qədər vacib olduğunu yəqin ki, eşitmisiniz. Bu, aktuarilərin davamlı işlətdiyi bir şeydir, ona görə də ondan necə istifadə edəcəyinizi bilmək də çox vacibdir. Məsələ isə ondadır ki, sadəcə Excel kursu bitirərək buna nail ola bilməzsiniz, həm də öz biliklərinizi tətbiq etməyi bacarmalısınız.
Öyrəndiklərinizi real vəziyyətlərlə əlaqələndirmək üçün davamlı praktika etməlisiniz. Bunu etməyiniz sizə həm məlumatı daha yaxşı başa düşməyinizə, həm də onu onu yadda saxlamağınıza kömək edir. Bu, bacarıqlarınızda böyük fərq yaradacaq və sizi işəgötürənlər üçün daha dəyərli edəcək.
Özünüzü həddindən artıq yükləmək
Əgər, oxumaq üçün gec saatlara qədər oyaq qalırsınızsa, prioritetlərinizi balanslaşdıra bilmir və özünüzü tamam əldən düşmüş hiss edirsinizsə, deməli siz özünüzə çox yüklənirsiniz. Edə biləcəyinizdən daha çoxu üçün çalışıb, bütün gücünüzü bir şeyə yönləndirmək sizi həm daha çox yoracaq, həm də uğurlu olacağınız sahələrin sayını xeyli azaldacaq. Bu ən çox edilən səhvlərdən biridir. Əslində isə, gündə sadəcə 2-3 saat vaxt ayırmaqla belə bir neçə il müddətində arzuladığınız karyera üçün uğurlu addımlar ata bilərsiniz.
Sadəcə imtahanları düşünmək
İmtahan ardınca imtahan verərək uğur qazanmağa çalışmaq bu sahədə edilən ən böyük səhvlərdən biridir. İmtahanlarda yaxşı nəticə əldə etmək təbii ki, önəmlidir, amma önəmli olan tək şey deyil. Məsələ ondadır ki, imtahandan keçmək real həyatdakı problemləri həll edə biləcəyinizi sübut etmir. İmtahanları keçməyiniz işəgötürənlərə anlayışları öyrənə biləcəyinizi göstərir, ancaq öyrəndiklərinizi real dünyaya tətbiq edə biləcəyiniz haqqında heç nə demir.
Buna görə də sadəcə imtahan vermək əvəzinə, diqqətinizi texniki bacarıq və təcrübə əldə etməyə yönəldin. Bu, sizə digərləri ilə rəqabətdə də fərqlənməyə kömək edəcək. Özünüzə uyğun iş tapmısınızsa, məhz bundan sonra imtahanlar haqqında düşünə bilərsiniz. Çünki, keçdiyiniz imtahanlara görə əlavə bonuslar ala və daha yüksək vəzifələrdə işləyə bilərsiniz.
Başlamaq üçün davamlı gözləmək
Aktuari karyeranıza başlamaq üçün “mükəmməl vaxtı” gözləyirsiniz? Bir çox həvəskar aktuar karyerası üçün ilk addımı atmazdan əvvəl aylar, hətta illər ərzində düşünür. Siz də istəsəniz, bütün vaxtınızı gözləməyə sərf edə bilərsiniz, amma iş ondadır ki, mükəmməl vaxt demək olar ki, heç vaxt gəlmir.
Yeni bir şeyə, xüsusən də həqiqətən əhəmiyyətli bir şeyə başladığınız zaman həyəcanlı olmaq tamamilə normaldır. Ancaq irəliəmək və xəyal etdiyiniz karyeranı daha sürətli əldə etmək üçün sadəcə başlamaq lazımdır!
Əgər aktuari səyahətinizə daha yeni başlayırsınızsa, etməli olduğunuz ilk şey bu karyeranın sizin üçün uyğun olduğundan əmin olmaqdır. Aktuarinin gündəlik həyatının həqiqətən necə olduğunu öyrənmək sizə gələcəyinizlə bağlı əsaslandırılmış qərar qəbul etməyə kömək edəcək. Bununla bağlı Youtube kanalımızda peşəkar aktuarilərlə bu mövzuda etdiyimiz söhbət sizə olduqca kömək edə bilər. Həmin videonu bu linkdən izləyə bilərsiniz: https://youtu.be/pMcl3ENBSU8
Ümid edirik ki, bu yazı sizə həqiqətən də kömək ola bilib. Uğurlar!