İmtahan həyəcanını necə məğlub etmək olar?
İmtahan həyəcanı - İmtahan verəcək olan tələbələrdən ən çox eşidilən şikayətlərdən biri də özlərini həyəcanlı hiss etmələri, buna görə də imtahanda özlərini itirməkdən qorxmalarıdır. İmtahanlardan öncə bir az həyəcanlı olmaq tamamilə normaldır, hətta bu sizə imtahanda diqqətinizi cəmləməyinizə də kömək ola bilər. Lakin idarə edilə bilməyəndə və həddən artıq çox olanda həyəcanınız imtahanda uğursuz olmağınıza səbəb ola bilər. Buna görə də sizə imtahandan öncə həyəcanınıza qalib gəlməyiniz üçün bəzi tövsiyələr veririk. Gəlin imtahan stresini atmaq barədə daha detallı öyrənək:
Hazır olun
Bəli, bu aydın məsələdir, amma yenə də bir daha xatırlatmaqda fayda var. Əgər imtahana hərtərəfli hazırlaşdığınıza əminsinizsə, imtahana girərkən özünüzü daha inamlı hiss edəcəksiniz. Bütün materialı diqqətli və sistemli şəkildə öyrənsəniz, sizə lazım olan bütün sualları işləsəniz imtahanda da rahat olacaqsınız. Unutmayın ki, imtahanda sizə verilən proqramdan, hazırlaşdığınız mövzulardan əlavə olaraq sizdən heç nə soruşulmayacaq.
Yaxşı istirahət edin
İmtahana bütün enerjinizlə girmək və yorğun olmamaq sizin həyəcanınıza qarşı mübarizə aparmaqda mühim rol oynayır. Buna görə də imtahandan öncəki gün beyninizi daha da yoracaq fəaliyyətlərdən, özünüzü fiziki olaraq yora biləcək işlərdən uzaq durmağınız tövsiyə olunur. İmtahandan öncəki gecə 9-10 saat yatmaq sizi imtahan günündə daha gümrah hiss etdirəcək.
Düzgün qidalanın
Beyninizin işləməsi üçün ona enerji lazımdır. İmtahan günü yaxşı yeyin və bol su için. Sağlamlığınıza faydası olacaq yeməklərə, bol-bol meyvə və tərəvəz yeməyə daha çox üstünlük verin. Qan şəkərinizin pik həddə çatmasına və ya düşməsinə səbəb ola biləcək şəkərli içkilərdən, narahatlığı artıra bilən enerji içkilərindən içkilərdən çəkinin. Düzgün qidalanmaq imtahan ərzində daha az yorulmağınız və bütün sualları rahat şəkildə həll edə bilməyiniz üçün çox önəmlidir.
İdman edin
İmtahanlardan öncə beyninizin təmiz olması, özünüzü gümrah etməyiniz çox önəmlidir. Elə bu səbəbdən də gün ərzində idmanla məşğul olmaq, tez-tez yürüyüşlərə çıxmaq, açıq havada gəzmək sizin üçün faydalı olacaqdır. Müntəzəm şəkildə yüngül idmanla məşğul olmaq və imtahan günü məşq etmək beyninizi aça və sizdəki gərginliyi aradan qaldıra bilər.
Özünüzə motivasiya verin
Hər şeydən əvvəl özünüzə inanmalı olduğunuzu unutmayın. Əgər siz imtahana qədər bütün dərsləri oxuyub, testləri etmisinizsə, özünüzə güvənməmək üçün heç bir səbəb yoxdur. İmtahanın yaxşı keçəcəyinə, hər şeyin yaxşı olacağına özünüzü inandırın. Motivasiyanızı qaldıracaq videolara baxa, insanların uğur hekayələrini dinləyə bilərsiniz. Özünə inamlı və yüksək motivasiyalı tələbələr hər zaman imtahanlarda daha yüksək nəticə toplayırlar.
Sakitləşmə texnikaları öyrənin
İmtahandan əvvəl və imtahan zamanı sakit və inamlı qalmağınıza kömək etmək üçün dərin nəfəs alma, əzələlərinizi rahatlaşdırmaq və ya gözlərinizi yumub müsbət nəticə təsəvvür etmək kimi rahatlama üsulları sizə kömək ola bilər. İmtahan ərzindəki streslərinin öhdəsindən gələ bilmək üçün müəyyən meditasiya üsullarından istifadə edərək həm zehninizi sakitləşdirə, həm də fiziki olaraq özünüzü daha yaxşı hiss edə bilərsiniz.
İmtahan həyəcanı, imtahan stresini atmaq
Qeyd etdiyimiz başlıqlar və onların daxilindəki açıqlamalar hissəsini oxuduqdan sonra imtahan həyəcanı, imtahan stresi məsələlərinin öhdəsindən gəlməyin o qədər də çətin və qorxulu proses olmadığı sizə aydın olacaq. Sadəcə hər şeyin yaxşı olacağı ilə bağlı nikbin notlarda olmağınız sizə həmişə faydalı olacaq. Gələcək işlərinizdə və bütün imtahanlarınızda Honours Academiya komandası adından hər birinizə uğurlar arzulayırıq.