Mühasiblər haqqında yayılmış miflər
Mühasiblərin tarix boyu bütün şirkətlərin ən önəmli hissələrindən biri olduğu demək olar ki, hamıya məlumdur. Elə bu səbəbdən hər peşədə olduğu kimi mühasiblər haqqında da bir sıra doğru olmayan miflə rastlaşa bilərik. Bu gün bu miflərdən ən çox yayılanları sizinlə bölüşərək, nə dərəcədə doğru olub olmadıqlarını izah edəcəyik.
Mühasiblər sıxıcı insanlardır.
Hər nə qədər bu fikir geniş şəkildə yayılsa da, mühasiblər heç də sıxıcı insanlar olmaq məcburiyyətində deyil. Hətta Mik Caqqer, Vinus Vilyams, Eddi İzzard kimi şou biznes dünyasının bir sıra əyləncəli üzləri də karyeralarına mühasib kimi başlamışdılar.
Mühasib olmaq üçün ali təhsilə ehtiyac var.
Müasir dövrdə mühasib kimi ixtisaslaşmaqda ali təhsil o qədər də önəmli rol daşımır. Bu sahədə uğurlu olmaq üçün maliyyə və mühasibatlıqla bağlı lazımlı biliklərə yiyələnmək, sertifikatlar qazanmaq daha çox əhəmiyyət kəsb edir. Artıq bir sıra top şirkətlər mühasib axtararkən universitet təhsilinin olub olmaması ilə bağlı məlumat tələb etmirlər.
Mühasiblərin həyatı masa arxasında oturub, rəqəmlərlə məşğul olmaqdan ibarətdir.
Məşhur mifdən fərqli olaraq mühasiblərin rolu müxtəlif və dəyişkən olur. İstənilən gün onlar müştəri görüşlərində iştirak edə, maliyyə hesabatları hazırlaya, layihələr üzərində işləyə və ya ümumi biznesi təkmilləşdirmək üçün müzakirələrdə iştirak edə bilərlər. Bir sözlə, mühasiblər bütün günü oturub cədvəllərə baxmırlar.
Mühasibatlıq kişilərin üstün olduğu sahədir.
Mühasiblik adətən kişilərin çoxluq təşkil etdiyi sahə kimi düşünülür. Əslində isə, bir çox şirkətlərin maliyyə departamentində qadınların önəmli rolda çıxış etdiyini görmək mümkündür, hətta 2015-ci ildə “Big Four” şirkətlərindən ikisinin direktor vəzifəsinə qadınlar təyin edilmişdi.
Mühasib olmaq üçün riyaziyyatçı olmaq lazımdır.
Bəli, mühasiblər daim hesablamalar aparırlar amma bu o demək deyil ki, onlar riyaziyyat dahisi olmalıdırlar. Sadə riyazi biliklər və kalkulyator sizə bu sahədə lazım olan bütün işləri görməyiniz üçün kifayətdir.